İyulun 18-də Azərbaycan Müdafiə naziri Zakir Həsənovun təşəbbüsü ilə onun Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqu ilə telefon danışığı olub. Bu barədə Azarbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, telefon danışığı zamanı tərəflər iki ölkə arasında dostluğa, qarşılıqlı etimada və mehriban qonşuluq münasibətlərinə əsaslanan əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini qeyd ediblər.
“Nazirlər ölkələrimizin hərbi sahədə əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd edərək, hərbi və hərbi-texniki əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.Nazirlər həmçinin, regional təhlükəsizlik məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparıblar”, Müdafiə Nazirliyi bildirib.
Məlumata görə, telefon danışığı əsnasında Sergey Şoyqu Zakir Həsənova Rusiya Silahlı Qüvvələrinin döyüş hazırlığının qəfil yoxlama tədbirləri haqqında məlumat verib:
“Sergey Şoyqu bu tədbirlərin əvvəlcədən planlaşdırıldığını və heç bir halda Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisələrlə bağlı olmadığını vurğulayıb"
Xatırlatma
İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər başlayıb. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib.Son günlər Azərbaycan tərəfi bu döyüşlərdə biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb. Habelə, bir dinc sakinin də atəşkəsin pozulması nəticəsində öldürüldüyü açıqlanıb. Ermənistan tərəfi də bəzi hərbçisinin ölməsi haqda məlumat yayıb. O da, öz növbəsində, baş verənlərə görə Azərbaycanı ittiham edir. Bu gün, iyulun 18-də cəbhə xəttindən qara xəbər gəlməyib.
1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib.Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir. Atəşkəs razılaşması olsa da, tez-tez hər iki ölkənin qoşunlarının təmas xətlərində silahların işə düşdüyü bildirilir. Ermənistan və Rusiya 1992-ci ildə əsası qoyulan hərbi ittifaqın-Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləridir.Azərbaycan bu hərbi ittifaqda təmsil edilmir.