Azərbaycan mətbuatının 145 yaşı

Bakıda Həsən bəy Zərdabinin heykəli

Bu gün, iyulun 22-də Azərbaycan milli mətbuatının 145 yaşı tamam olur.

1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi "Əkinçi" qəzetini nəşr etdirməklə milli mətbuatın əsasını qoyub.

1877-ci ildə fəaliyyəti dayandırılan qəzetin yalnız 56 sayı işıq üzü görüb.

XX əsrin əvvəllərində Azərbaycanda "Ziya", "Kəşkül", "Şərqi-rus", "İrşad", "Molla Nəsrəddin" kimi qəzet və jurnalların "Əkinçi" ənənələrini davam etdirdiyi bildirilir.

1920-ci ildə bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi ilə mətbuat orqanları Kommunist Partiyasının nəzarəti altında keçib.

Ötən əsrin 80-ci illərinin sonuna yaxın SSRİ-nin bir çox yerləri kimi, Azərbaycanda da milli azadlıq hərəkatı güclənib. Müşahidəçilərin fikrincə, bu da müstəqil, alternativ, tənqidçi mətbu orqanlarının formalaşmasına təsir edib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ən çox hansı qəzetləri alıb oxuyursuz?

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra bu prosesin daha da gücləndiyi bildirilir.

Amma ölkə müstəqillik əldə etdikdən bir müddət sonra yenidən müstəqil, tənqidçi mətbu orqanlarına basqıların artdığı bildirilir. Bir çox jurnalistlərin həbs edildiyi, bəzi jurnalist və yazarların qətlə yetirildiyi açıqlanıb.

2017-ci ildə qanunvericiliyə edilən dəyişiklikdən sonra bir sıra saytlara da Azərbaycandan girişin məhdudlaşdırıldığı qeyd edilir. Onların arasında AzadliqRadiosu, MeydanTV və "Azadlıq" qəzetinin saytları da var.

Azərbaycan son illər Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) hazırladığı Mətbuat Azadlığı İndeksinə görə, bir qayda olaraq, geriləyir. Azərbaycan 2020-ci ildə 58.48 balla 168-ci yeri tutub. Ötən il 166-cı idi. 2018-ci ildə isə 162-ci olmuşdu.

Azərbaycanın qonşularından Gürcüstan 28.59 balla 60, Ermənistan 28.60 balla 61, İran 64.81 balla 173 yerdə qərarlaşıb.

Azərbaycan rəsmiləri isə belə dəyərləndirmələri düz saymırlar.