Avropa Birliyindən sanksiyalar gözlənir

İllüstrativ foto

Avropa Birliyi səfirləri Rusiyanın GRU hərbi kəşfiyyat birliyinə sanksiya tətbiqinə yaşıl işıq yandırıblar. Son illər üç ayrı-ayrı kiberhücumlara görə Çin və Şimali Koreya qurumlarına da sanksiyalar gözlənir.

Bunu AzadAvropa/AzadlıqRadiosu iyulun 22-də bir neçə mənbədən öyrənib. Məlumata görə, səfirlər GRU-nun, Çinin Tianjin Huaying Haitai Science & technology development Co. və Şimali Koreyanın Chosun Expo şirkətlərinin aktivlərini dondurmaq qərarına gəliblər.

Həmçinin bu üç qurumun blokdakı potensial fondları dondurulacaq, Çin və Rusiyadan altı adı çəkilməyən şəxsə viza qadağası qoyulacaq. Həmin şəxslərin WannaCry, NotPetya və Cloud Hopper kiberhücumları arxasında durduğu güman olunur.

Buna da bax: Şimal axını-2 kəmərinə əlavə sanksiyalar təsdiqlənir

Sanksiyaların iyulun sonunadək rəsmən qəbul olunacağı gözlənir. Bu, AB-nin yeni kibersanksiya rejimi çərçivəsində ilk addımıdır. Ötən il qəbul olunmuş qaydalar bloka kiberhücumlarda əli olan şəxslərin və qurumların aktivlərini dondurmağa, onlara viza qadağası tətbiq etməyə imkan verir.

Müxtəlif kəşfiyyat agentlikləri sözügedən hücumları həmin üç ölkəylə əlaqələndiriblər. Hücumlara AB-nin bir neçə üzvü, həm də dünyanın başqa ölkələri məruz qalıb.

Mənbələrin bildirməsinə görə, Avropa Birliyi Rusiyadan daha iki fərdi və bir qurumu siyahıya salmaq üzərində işləyir. Berlin onların 2015-ci ildə Almaniya Bundestaqına kiberhücumda əli olduğunu iddia edir.