ABŞ-ın Bakıdakı və Yeravandak səfirliyi bəyanat yayıb
ABŞ-ın Bakıdakı və Yeravandak səfirliyi Azərbaycanın Los-Ancelesdəki konsulluğunun qarşısında iyulun 21-də keçirilən etiraz aksiyasına cavab bəyanatı yayıb. Bəyanatda dinc toplaşma və etiraz bildirməyin ümumbəşəri prinsiplərə zidd olan zorakılıq hərəkətləri pislənir. “ABŞ diplomatik obyektləri qorumaq öhdəliyini ciddi qəbul edir və bu səyləri dəstəkləmək üçün yerli hüquq mühafizə orqanları ilə birlikdə çalışır. Söz və dinc toplaşmaq azadlığı ABŞ Konstitusiyası ilə qorunur, lakin hüquq mühafizə orqanları zorakılıq aktları barədə müvafiq tədbir görüləcəkdir.”
Bəyanatın sonunda da bütün nümayişçilər dinc iştiraka və təmkinli olmağa dəvət edilir.
***
İyulun 23-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) səfiri Örl Litzenberqer Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Onun Xarici İşlər nazirinin müavini Xələf Xələfovla görüşü keçirilib.
Bu barədə bu gün, iyulun 24-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb: "Görüşdə X.Xələfov ilk olaraq Ermənistanın Azərbaycan-Ermənistan sərhədində həyata keçirdiyi hərbi təxribat ilə bağlı qarşı tərəfə məlumat verib".
Açıqlamada qeyd edildiyinə görə, nazir müavini deyib ki, erməni hakimiyyətinin işğalçı siyasətini gizlətmək üçün dünyanın müxtəlif ölkələrindəki Azərbaycanın diplomatik nümayəndəliklərinə, azərbaycanlılara qarşı təxribat və hücumlar olub: "X.Xələfov bildirib ki, belə təxribatlardan bir neçəsi məhz ABŞ-da həyata keçirilib. 21 iyul tarixində Azərbaycanın Vaşinqtonda yerləşən səfirliyinin giriş darvazasına naməlum şəxslər tərəfindən üzərində Azərbaycan əleyhinə yazıları əks etdirən banner bağlanıb və erməni media, mətbuat vasitələrində nümayiş etdirilib".
Buna da bax: XİN xaricdə azərbaycanlıların təxribatla üzləşdiyini bildirir
Bildirildiyinə görə, nazir müavini qeyd edib ki, Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsulluğunun yerləşdiyi bina əhatəyə alınaraq təxribatçı şüarlarla müşayiət olunan etiraz aksiyası keçirilib.
"...ABŞ-ın nüfuzuna xələl gətirir"
"Aqressiv erməni nümayişçilərin Baş Konsulluğun önündə dinc aksiya keçirən və sayca onlardan qat-qat az olan Azərbaycan icması üzvlərinə hücum etdiyi, biri qadın olmaqla yeddi nəfər azərbaycanlının müxtəlif dərəcəli bədən xəsarətləri aldığı qeyd olunub", - XİN vurğulayıb.
Açıqlamaya görə, nazir müavini əlavə edib ki, milli mənsubiyyətinə görə günahsız azərbaycanlılara erməni radikal qruplarının polis qüvvələrinin gözü qarşısında hücum edərək xəsarət yetirməsi ABŞ-ın nüfuzuna xələl gətirir.
"Azərbaycan tərəfinin buna qəti etirazını bildirdiyini və öz qanuni vəzifələrini yerinə yetirməyənləri qınadığını deyən X.Xələfov ABŞ hökumətindən bu cinayətləri törətmiş erməni radikal birləşmələrinin məsuliyyətə cəlb edilməsinin və bu təxribat hadisələrinə hüquqi qiymət verilməsinin tələb olunduğunu diqqətə çatdırıb", - XİN-in məlumatında yazılıb.
Açıqlamaya görə, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Ö.Litzenberqer qeyd edilən məsələlərlə bağlı məlumatlı olduğunu, baş verən hadisələrdən dolayı dərin təəssüf hissi keçirdiyini bildirib.
XİN-in bildirməsinə görə, səfir məsələ ilə bağlı araşdırmaların aparılacağını və müvafiq tədbirlərin görüləcəyini qeyd edib.
Buna da bax: Nazir müavini: 'Serbiyadan yekun cavab gözləyirik'
Bu açıqlamaya, hələlik, ABŞ-ın Azərbaycandakı səfirliyindən ayrıca münasibət almaq mümkün olmayıb.
Bu il iyulun 12-14-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər gedib. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib. Son günlər Azərbaycan tərəfi biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb.
Ermənistan tərəfi də bir neçə hərbçisinin ölməsi haqda məlumat yayıb. Onlar da baş verən döyüşlərə görə Azərbaycanı günahlandırıblar.
Bundan sonra xaricdə yaşayan bəzi azərbaycanlı icmalar olduqları ölkələrdə Azərbaycan-Ermənistan sərhədində yaşanan toqquşmaları pisləyən aksiyalar keçiriblər. Eyni zamanda, erməni icmalarının da aksiyaları olub.
Həmin aksiyada bir sıra insidentlərin yaşandığı bildirilir.
Xatırlatma
1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib.
Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.