Aİ nümayəndəsi və Belçika səfiri də XİN-ə çağırılıb

Arxiv foto

İyulun 24-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas və Belçika Krallığının fövqəladə və səlahiyyətli səfiri Bert Şufs Xarici İşlər Nazirliyinə çağırılıb.

Onlarla Xarici İşlər nazirinin müavini Xələf Xələfovun görüşü keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, görüşdə X.Xələfov qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycan-Ermənistan sərhədində törədilmiş son hərbi təxribat həm iki ölkə arasında, həm də bölgədə gərginliyin alovlanmasına xidmət edib.

Açıqlamaya görə, onların diqqətinə çatdırılıb ki, son zamanlar radikal ermənilərin Avropanın bir çox ölkələrinin paytaxtlarında və böyük şəhərlərində azərbaycanlılara hücumları, eləcə də Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarına müdaxilə cəhdləri olub.

XİN-in bildirməsinə görə,habelə həmin ölkələrdə fəaliyyət göstərən Azərbaycan diplomatlarının təhdid edildiyi qeyd edilib. Açıqlamaya görə, bu il iyulun 22-də Brüsseldəki Azərbaycan Səfirliyinin qarşısında ciddi təxribat ilə müşayiət olunan kütləvi nümayişin keçirildiyi də Belçika səfirinin və Aİ nümayəndəsinin diqqətinə çatdırılıb:

“X.Xələfov qeyd edib ki, Belçikanın müvafiq orqanları tərəfindən məsələ ciddi şəkildə araşdırılmalı, məsələyə hüquqi qiymət verilməli, cinayət və vandalizm aktı törətmiş şəxslər məsuliyyətə cəlb edilməlidirlər”.

Açıqlamada daha sonra da oxuyuruq:

“Səfir B.Şufs bu məsələnin Belçika hökuməti tərəfindən ciddi bir hal kimi qəbul edildiyini, görüşdə qaldırılan məsələlərin müvafiq şəkildə Mərkəzə çatdırılacağını bildirib, məsələnin araşdırılacağını, müvafiq tədbirlərin görüləcəyini və görüləcək işlərlə bağlı Azərbaycan tərəfinin məlumatlandırılacağını vəd edib”

Bu açıqlamaya, hələlik, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas və Belçika Krallığının fövqəladə və səlahiyyətli səfiri Bert Şufs-un münasibətini almaq mümkün olmayıb.

Bundan əvvəl ABŞ-ın Azərbaycandakı səfiri də Azərbaycan XİN-nə çağırılmışdı, onunla da oxşar məsələlərlə bağlı müzakirə aparılmışdı.

Xatırlatma

Bu il iyulun 12-14-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər gedib. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib. Son günlər Azərbaycan tərəfi biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb. Ermənistan tərəfi də bir neçə hərbçisinin ölməsi haqda məlumat yayıb. Onlar da baş verən döyüşlərə görə Azərbaycanı günahlandırıblar.

Bundan sonra xaricdə yaşayan bəzi azərbaycanlı icmalar olduqları ölkələrdə Azərbaycan-Ermənistan sərhədində yaşanan toqquşmaları pisləyən aksiyalar keçiriblər. Eyni zamanda, erməni icmalarının da aksiyaları olub. Həmin aksiyada bir sıra insidentlərin yaşandığı bildirilir.

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib. Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.