İcra nümayəndəsi həbs olunub

Masallı

Masallı Rayon İcra Hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sübhan Zalıyev və həmin kəndin bələdiyyəsinin sədr müavini Əziz Ağayev həbs olunub.

Bu barədə bu gün, iyulun 27-də Baş Prokurorluq məlumat yayıb.

Məlumata görə, S.Zalıyevə qarşı Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) və 29,178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluğa cəhd) maddələri ilə ittiham irəli sürülüb.

Ə.Ağayev da həmin Məcəllənin 32.4, 312.2 və 29,178.2.3-cü maddələri ilə ittiham olunur. İyulun 25-də isə məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

Bu açıqlamaya, hələlik, sözügedən vəzifəli şəxslərdən və ya onların vəkillərindən münasibət almaq mümkün olmayıb.