396 yoluxma aşkarlanıb, 6 ölüm

6781 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 396 yeni yoluxma faktı qeydə alınıb, 558 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bu gün, iyulun 27-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər də vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 30446 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 23242 nəfər müalicə olunaraq sağalıb, 423 nəfər vəfat edib, 6781 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir".

Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 6 min 838, ötən müddət ərzində isə ümumilikdə 690 min 386 test aparılıb.

Ötən həftə Səhiyyə Nazirliyi isə vurğulamışdı ki, 12 mindən də çox insan da bu virusla bağlı əlavə evdə müalicə alır və ya karantində saxlanır.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 16 milyon 448 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 652 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.