İyulun 29-da məhdud sayda müsəlman zəvvarlar həcc ziyarətinə başlayırlar. Koronavirus pandemiyası Səudiyyə Ərəbistanı hakimiyyətini ziyarətçilərin sayını kəskin azaltmağa məcbur edib.
Beşgünlük ziyarət islam dininin vacib şərtlərindən sayılır. Hər il 180 ölkədən 2 milyondan çox zəvvar bu ziyarətə yollanırdı.
Bu il beynəlxalq ziyarətçilərin ölkəyə girişinə qadağa qoyulub. Johns Hopkins Universitetinin məlumatına görə, ölkədə 270 mindən çox yoluxma, 2 min 789 ölüm halı qeydə alınıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
10 minədək zəvvar
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi ötən ay bildirdi ki, bu il ölkədə yaşayan müxtəlif millətlərdən “çox məhdud sayda” müsəlmanın ziyarət gerçəkləşdirməsinə icazə veriləcək. Bəzi məlumatlarda zəvvar sayının min – 10 min arası olacağı bildirilir.
Krallıq tarixində ilk dəfədir ki, Səudiyyə Ərəbistanından kənar zəvvarlar ziyarətə buraxılmır.
Nazirliyin iyunun 22-də yaydığı bəyanatda deyilirdi ki, məqsəd həcc ziyarətinin ictimai sağlamlıq baxımından təhlükəsiz keçirilməsi, bütün profilaktik tədbirlərə əməl olunmasıdır.
Buna da bax: Ziyarətçilərin pulları qaytarılır
Ziyarətə gedənlər həftəsonu Məkkəyə çatınca temperaturu yoxlanır, karantinə alınırlar. Zəvvarların yaşı 65-dən az olmalı, xroniki xəstəlikləri olmamalıdır.
Dövlət mediası səhiyyə işçilərinin səhiyyə zəvvarların yüklərini dezinfeksiya etməsinin görüntüsünü yayıb. Bəzi zəvvarlara isə elektron bilərziklər verilib ki, hakim orqanlar onların harada olduğunu izləyə bilsin.
Həcc Nazirliyinin rəsmisi Amr Al-Maddah “The Associated Press” agentliyinə deyib ki, hakimiyyət ziyarət zamanı COVID-19-a yoluxmanın və ölümün olmaması üçün bütün mümkün addımları atır.
Bu il həcc ziyarətinin pik dövrü iyulun 30-na düşür. İslam təqviminə uyğun olaraq həcc tarixi ayın vəziyyəti ilə müəyyənləşdirilir.