Bu il 100 mindən çox əfqan evindən didərgin düşüb

Paktika vilayətində Əfqanıstan əsgərləri

BMT bu il 100 mindən çox əfqanın evindən didərgin düşdüyünü bildirir. Birləşmiş Ştatların Taliban qruplaşması ilə əfqandaxili sülh danışıqları üzrə razılaşma əldə etməsinə baxmayaraq, ölkədə zorakılıqlar davam edir.

BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin iyulun 30-da bildirməsinə görə, ötən həftə ölkənin şimal-şərq vilayətlərində hökumət qüvvələri ilə Taliban yaraqlıları arasında ağır döyüşlər nəticəsində 10 minədək insan evindən didərgin düşüb, cənub regionlarında eyni səbəbdən evsiz qalanlar isə 600 nəfərdir.

Fevralda Birləşmiş Ştatlar və Taliban 18 illik münaqişəni bitirmək üçün razılaşma imzalayıblar. O vaxtdan Taliban ABŞ və NATO qüvvələrinə hücumlardan çəkinsə də, əfqan təhlükəsizlik qüvvələrinə demək olar hər gün hücum ediblər.

Əfqanıstan Prezidenti Ashraf Ghani iyulun 28-də deyib ki, ABŞ-Taliban sazişi imzalanandan bəri 10 mindən çox hökumət əsgəri ya öldürülüb, ya da yaralanıb.