Bu gün, avqustun 5-də Azərbaycan Baş Naziri Əli Əsədov Livan Respublikasına maliyyə yardımının göstərilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda yazılıb ki,baş verən faciənin nəticələrinin aradan qaldırılması üçün Livanın humanitar yardıma ehtiyacını nəzərə alaraq, həmin ölkəyə maliyyə yardımının göstərilməsi məqsədilə 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Azərbaycan Xarici İşlər Nazirliyinə bir milyon ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılacaq.
***
Prezident İlham Əliyev bu gün, avqustun 5-də Livan Prezidentinə başsağlığı verib. Başsağlığında qeyd edilir ki, Beyrut şəhərində baş vermiş dəhşətli partlayış nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər məni olduqca kədərləndirdi:
“Bu çətin anda Azərbaycan xalqının Livan xalqı ilə həmrəy olduğunu bildirirəm. Azərbaycan Respublikası faciənin törətdiyi fəsadların aradan qaldırılması məqsədilə dost Livan Respublikasına maliyyə yardımı göstərəcəkdir.
Sizə, həlak olanların ailələrinə və Livan xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirəm”
Sizin brauzer HTML5-i dəstəkləmir
Buna da bax: Beyrut partlayışı qurbanlarının sayı 135-ə yüksəldi (VIDEO)
Xatırlatma
Avqustun 4-də Livanın Beyrut dəniz limanında partlayıcı maddələr saxlanan anbarda güclü partlayış baş verib
Dəniz limanında və ona bitişik ərazidə böyük dağıntılar olub. Bəzi küçələrdə binalar uçub və avtomobillər aşıb.