İrana silah embarqosu uzadıla bilər

Yəməndəki husi yaraqlılarını İran dəstəkləyir

Birləşmiş Ştatlar gələn həftə BMT-nin Təhlükəsizlik Şurasının iclasını keçirməyi, İrana silah embarqosunun müddətini uzatmağı planlaşdırır. Bunu ABŞ-ın Dövlət katibi Mike Pompeo deyib.

“Yaxın Şərqdə sabitsizlik, İsrailə, Avropaya, amerikalıların həyatına risk yaradacaq silah satışından ötrü ölkələr növbəyə durub. Buna imkan verməyəcəyik”, – Pompeo avqustun 5-də jurnalistlərə deyib.

Rusiya və Çin bu addıma qarşıdır

ABŞ-ın hazırladığı qətnamə layihəsində İrana beynəlxalq silah satışına embarqonun uzadılması nəzərdə tutulur. Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq, embarqo oktyabrın 18-dən yüngülləşdirilməlidir. Bu məsələ İranla bir sıra böyük dövlətlər arasında 2015-ci il nüvə sazişini möhkəmləndirmiş Təhlükəsizlik Şurası qətnaməsində nəzərdə tutulub.

Buna da bax: İran təlimlərə yeraltı ballistik raketlər çıxarır

Təhlükəsizlik Şurasının veto hüquqlu üzvləri Rusiya və Çin silah embarqosunun uzadılmasına qarşı olduqlarını bildiriblər. Onlar Vaşinqtonun BMT-nin İrana sanksiyalarını bərpa etmək hüququnun olub-olmadığını sual edirlər.

Pompeo, İranla bağlı digər sərt-xətt tərəfdarları iddia edirlər ki, 2015-ci il qətnaməsində göstərildiyi kimi, Birləşmiş Ştatlar da bu sazişin üzvüdür və İran nüvə öhdəliklərinə tam əməl etmədiyindən sanksiyalar bərpa oluna bilər.

Birləşmiş Ştatlar 2018-ci ildə İranla nüvə sazişindən çıxdığından onun silah embarqosuna dair mövqeyi çətinliklə üzləşəcək. İran da sonradan nüvə öhdəliklərini tədricən pozmağa başladı.

Rusiya, Çin, eləcə də nüvə sazişinin avropalı tərəfdaşları ABŞ-ın silah embarqosu mexanizminin tərəfdaşı kimi qalması iddiasını sual altına alırlar.

Britaniya, Fransa və Almaniya da silah embarqosunun qaldırılmasından narahatdırlar, ancaq İranın nüvə sazişindən tamamilə çıxa biləcəyi ehtimalına görə kompromis əldə etməyə çalışırlar.