Bakı-Xırdalan-Sumqayıt qatarları 3 ay işləməyəcək

Bakı-Sumqayıt qatarı, arxiv foto

Bakı-Xırdalan-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkəti müvvəqəti dayandırılır. Bu barədə bu gün, avqustun 6-da “Azərbaycan Dəmir Yolları” qapalı səhimdar cəmiyyətinin (QSC) mətbuat xidməti məlumat yayıb. Məlumatda bu, Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsünün sökülərək yenidən tikilməsi ilə izah edilir. “Qatarlar avqustun 10-dan noyabrın 10-dək hərəkətdə olmayacaq. Buna görə də qeyd olunan müddət ərzində Biləcəri və Xırdalan istiqamətində elektrik qatarları hərəkət etməyəcək”, deyə açıqlamada yazılıb. Qurum bildirir ki, Bakı-Sumqayıt yolunun genişləndirilməsi işlərini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirir. “Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsü isə genişləndirmə işlərinə maneçilik törədir. Bu səbəbdən köhnə körpü söküləcək və onun yerində yeni biraşırımlı tağlı dəmir yolu körpüsü inşa olunacaq”.

Açıqlamaya görə, körpünün tikintisi müddətində Sumqayıta gedən və ya ordan Bakıya gələn sərnişinlər Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən elektrik qatarlarından istifadə edə biləcəklər.