Əfqanıstan hökuməti 400 talibançını buraxmağa başlayıb

80 talibançı buraxılıb

Əfqanıstan hökuməti avqustun 14-də 400 talibançını buraxmağa başladığını bildirib. Bu, Kabillə Taliban arasında sülh danışıqlarının başlanması üçün vacib şərtdir.

Avqustun 13-də 80 talibançı buraxılıb.

Prezident Ashraf Ghani avqustun 9-da deyirdi ki, əfqanlara və əcnəbilərə hücumlara görə məhkum olunmuş 400 talibançı azad olunacaq.

Bu, ikitərəfli danışıqların başlanması yolunda sonuncu əngəl sayılırdı. Fevralda Birləşmiş Ştatlar və Taliban arasında əldə olunmuş razılaşmada hər iki tərəfin məhbusları azad etməsi nəzərdə tutulurdu.

Hər iki tərəf sonuncu məhbuslar buraxılandan bir neçə gün sonra Qətərin paytaxtı Dohada əfqandaxili danışıqlara başlamağa hazır olduqlarını bildiriblər.

Kabil indiyədək 4 min 600, silahlı qruplaşma isə min hökumət məhbusunu azad edib.