ABŞ Çinin Konfutsi İnstitutunu xarici missiya elan edir

Honq Konqda yarışma, arxiv fotosu

Birləşmiş Ştatlar Çin hökumətinin maliyyələşdirdiyi Konfutsi İnstitutlarını xarici missiya elan edib. Bu, Vaşinqtonla Pekinin onsuz da gərgin münasibətlərinə daha bir zərbə sayılır.

Dövlət katibi Mike Pompeo avqustun 13-də deyib ki, Konfutsi İnstitutu ABŞ Mərkəzi Birləşmiş Ştatların universitet şəhərciklərində və məktəblərdə “Pekinin qlobal təbliğatını və məkrli nüfuz kampaniyasını aparır”.

“Çin Xalq Respublikası Amerikanın açıqlığından istifadə edərək bu ölkədə irimiqyaslı və yaxşı maliyyələşdirilən propaqanda aparır”, - o deyib.

Konfutsi İnstitutları Çin universitetləri və məktəbləri ilə digər ölkələrdəki təhsil ocaqları arasında tərəfdaşlıq quraraq Çin dili və mədəniyyətini təbliğ edir.

Çin ABŞ-da 75 Konfutsi İnstitutu qurub, onlardan 65-i ABŞ universitetlərində yerləşir.

ABŞ-ın Şərqi Asiya üzrə əsas diplomatı olan David Stilwell deyib ki, yalnız Vaşinqtondakı Konfutsi İnstitutu ABŞ Mərkəzi bu kateqoriyaya salınıb.

“Birləşmiş Ştatlarda Konfutsi Mərkəzlərini bu təşkilat idarə edir, dəstəkləyir və maliyyələşdirir”, – Stilwell vurğulayıb.

Xarici missiya kateqoriyasına salınmaq o deməkdir ki, bu mərkəz Dövlət Departamentinə əməkdaşları, daşınmaz əmlakı, maliyyəsi, kurrikulum və təlim materialları haqda informasiya verməlidir.

Son vaxtlar dünyanın iki böyük iqtisadiyyatının münasibətləri bir sıra məsələlərlə bağlı korlanıb. Buraya Çinin koronavirus pandemiyasını idarə etməsi, Honq Konqda hüquq və azadlıqların pozulması, ticarət və intellektual mülkiyyətlə bağlı mübahisələr daxildir.