Ombudsmanın nümayəndələri təcridxanada cəbhəçilərlə görüşüb

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvlərinin Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və İxtisaslaşmış Müalicə Müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirdiyi bildirilir.

Bu barədə avqustun 14-də Ombudsman Aparatı məlumat yayıb.

“Bakı İstintaq Təcridxanasına başçəkmə çərçivəsində... Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Asif Yusifli, Bəxtiyar İmanov, Ayaz Məhərrəmov, Telman Seyfullayev, Seymur Əhmədov, İsmayıl Həsənov, Fərid Abadov, Ceyhun Novruzov, Məhəbbət Nağıyev konfidensial qaydada qəbul olunub və onların müraciətləri dinlənilib.”

Bildirildiyinə görə, ixtisaslaşmış Müalicə Müəssisəsinə başçəkmə çərçivəsində isə orada saxlanılan Mehdi İbrahimov, Nicad İbrahim, Nicat Əlizadə, Məhəmməd İmanlı və Vüqar Vəliyev də konfidensial qaydada qəbul olunub, müraciətləri dinlənilib:

“Yemək qəbulundan imtina edəcəyini bildirib”

“Qəbullar zamanı adıçəkilən təqsirləndirilən şəxslər müəssisədə onlarla rəftardan və saxlanma şəraitindən şikayət etməyiblər. Barələrində aparılan istintaqla bağlı qaldırdıqları məsələlər üzrə hər birinə hüquqi məsləhətlər verilib.Qəbul edilmiş şəxslərdən yalnız Mehdi İbrahimov barəsində aparılan istintaqın gedişindən narazılığını əsas göstərərək yemək qəbulundan imtina edəcəyini bildirib, eyni zamanda, səhhətindən şikayətlənib”

Qurumdan qeyd edildiyinə görə, başçəkmələr zamanı saxlama şəraiti ilə bağlı bəzi əlavə məsələlər və onların təminatı adı çəkilən müəssisələrin rəhbərliyi qarşısında qaldırılıb. “Habelə Ombudsmana ünvanlanmış ərizələr qəbul olunub, bir sıra müraciətlər yerində təmin edilib” deyə vurğulanıb.

Bu saxlanan şəxslər əsasən, müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbər şəxsləri və üzvləridir. Onlar orduya dəstək aksiyasından sonra

Fuad Qəhrəmanlı

saxlanıblar.Həmin şəxslərdən AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı və bəzilərinə işgəncə verildiyi deyilirdi.Amma sonra Ombudsman Aparatı və hüquq mühafizə orqanları həmin iddiaları təkzib etmişdilər. Amma Fuad Qəhrəmanlı və digərləri ilə yaxınlarının tutduğu vəkilləri görüşə bilməyiblər. Sonradan bəlli olub ki, Fuad Qəhrəmanlı yaxınlarının tutduğu vəkildən imtina edib.AXCP rəhbərliyi bunun təzyiq altında gerçəkləşdiyini ehtimal edir.

Mehdi İbrahimov

Mehdi İbrahimov isə AXCP Rəyasət heyətinin hazırda həbsdə olan digər üzvü Məmməd İbrahimin oğludur.Onun isə xəstəlik yaymaqda (koronavirus) ittiham edilərək (O da orduya dəstək aksiyasında iştirak edib) həbs edildiyi bildirilir. Hərçənd onun yaxınları M.İbrahimovda koronavirus testinin neqativ çıxdığını bildirirlər.

Xatırlatma

Bu il iyulun 14-də Bakda orduya dəstək yürüşünə qatılmış onlarla şəxs tutulub. AXCP-dən verilən məlumata görə, bu partiyanın 45 üzvü saxlanıb. Onlardan 17 nəfərə Qarabağa dəstək yürüşü ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində başlanmış cinayət işi üzrə ittiham irəli sürülərək, bir nəfər istisna olmaqla, digərləri barəsində həbs-qətimkan tədbiri seçilib. Daha 18 nəfərə karantin rejimini pozma ittihamıyla 30 sutka inzibati həbs cəzası kəsilib. 10 nəfər isə sərbəst buraxılıb.

Baş prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub. Bu cinayət işi üzrə həbs olunanlara əsasən, özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü – Məmməd İbrahim və Fuad Qəhrəmanlıya isə bunlardan əlavə, həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. Partiya ittihamların saxta olduğunu, həbs olunan üzvlərindən bir neçəsinin həmin yürüşdə iştirak etmədiyini bəyan edib.