Qərargah: 'Son sutka koronavirusdan vəfat edən olmayıb'

Tibb işçisi COVID-19 testinə gələn adamları gözləyir, arxiv foto

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 112 yeni yoluxma faktı qeydə alınıb, 178 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bu gün, avqustun 16-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.Qurumdan verilən məlumata görə, son sutka ərzində ( son aylar birinci dəfə olaraq-red) koronavirusdan vəfat edən olmayıb:

“İndiyədək ölkədə ümumilikdə 34 219 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 875 nəfər müalicə olunaraq sağalıb, 506 nəfər vəfat edib, aktiv xəstə sayı 18 38 nəfərdir".

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 5712, ötən müddət ərzində isə ümumilikdə 831 755 test aparılıb. Rəsmi qurumların bildirməsinə görə, bundan başqa Azərbaycanda əlavə evdə müalicə alan koronavirus xəstələri də var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 21 milyon 641 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq, 769 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda bu virusa ilk yoluxma halının fevralın 28-də aşkarlandığı açıqlanıb.