Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib. 17 avqust 2020

Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının "Mahaçkala" və "Astraxan" kiçik artilleriya gəmiləri, "SB-738" xilasedici yedək gəmisi avqustun 17-də Bakıya gəlib.

Bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Məlumatda yazılıb ki, bunda məqsəd Azərbaycanın Xəzər dənizindəki ərazi sularında "Beynəlxalq Ordu Oyunları-2020" yarışları çərçivəsində keçiriləcək "Dəniz Kuboku" müsabiqəsində iştirak etməkdir.

Nazirlik bildirir ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı Sübhan Bəkirov Rusiya HDD-nın Xəzər flotiliyasının nümayəndəsi Sergey Yekimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Tərəflər "Beynəlxalq Ordu Oyunları-2020" yarışları çərçivəsində keçiriləcək "Dəniz Kuboku" müsabiqəsinin təşkilinə dair fikir mübadiləsi aparıblar", - nazirlik bildirir.

"Beynəlxalq Ordu Oyunları – 2020" yarışlarının bu il avqustun 23-dən sentyabrın 5-dək keçirilməsi planlaşdırılır. Həmin oyunlar 11 ölkələrin ərazisində keçirilməlidir.

"Dəniz Kuboku" beynəlxalq müsabiqəsinin isə avqustun 25-dən sentyabrın 4-dək keçirilməsinin planlaşdırıldığı barədə məlumat açıqlanıb.

Xatırlatma

"Beynəlxalq Ordu Oyunları"nın təşkilatçısı Rusiyanın Müdafiə Nazirliyidir. Birinci "Beynəlxalq Ordu Oyunları" 2015-ci ildə Rusiyada keçirilib. Azərbaycan "Beynəlxalq Ordu Oyunları"nı ilk dəfə 2017-ci ildə qəbul edib. Həmin il keçirilən "Beynəlxalq Ordu Oyunları" beş ölkənin - Rusiyanın, Çinin, Azərbaycanın, Belarusun və Qazaxıstanın ərazisində baş tutub. Həmin il bu Oyunlar çərçivəsində "Dəniz Kuboku" Azərbaycanda keçirilib.