Ailəsi: 'Orxana 30 sutka verilib'

Polis

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Orxan Səlimzadəyə 30 sutka inzibati həbs cəzası verildiyi deyilir.

Bu barədə AzadlıqRadiosuna O.Səlimzadənin ailə üzvləri məlumat verib.

Məlumata görə, ailəsinin Daxili İşlər Nazirliyinin "102" Xidmətinə müraciətində onlara Xətai Rayon 37-ci Polis Bölməsi ilə əlaqə saxlamaq məsləhət görülüb: "Bölmədən isə "İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə zəng edin" dedilər. Məntəqədən bizə dedilər ki, Orxana 30 sutka həbs cəzası verilib".

Ailəsindən vurğulandığına görə, O.Səlimzadənin nədə ittiham edildiyi və bununla bağlı hansı məhkəmənin qərar verdiyi onlara məlum deyil.

Bu məlumatı, hələlik, rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

AXCP üzvünün yeri bilinmir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Orxan Səlimzadənin yoxa çıxdığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna O.Səlimzadənin ailə üzvləri məlumat verib.

Məlumata görə, O.Səlimzadə ilə dünən, avqustun 18-də axşam saat 19:00-dan etibarən əlaqə saxlamaq mümkün olmayıb: "Telefonu söndürülüb, işdən sonra da evə gəlməyib. Daxili İşlər Nazirliyinin "102" Xidmətinə məlumat verdik, amma heç bir nəticə yoxdur".

AXCP-dən isə bildirilib ki, O.Səlimzadənin saxlandığını ehtimal edirlər.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Müxalifətdə olan AXCP-nin hazırda 10-a qədər üzvü uzunmüddətli həbsdədir. 20-yə qədər üzvü haqqında da məhkəməyə qədər həbs-qəti imkan tədbiri seçilib. Onlar ən müxtəlif ittihamlarla üzləşiblər. Partiya onların siyasi mövqelərinə görə şərlənərək həbs edildiyini açıqlayıb.

Hakimiyyət rəsmiləri isə ölkədə siyasi motivli həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar.