Siyasi məhbus kimi tanınan şəxsin aclığa başladığı deyilir

Həbsxana

Yerli hüquq müdafiəçilərin siyasi məhbus kimi tanıdığı Emin Saqiyevin saxlandığı 6 saylı Cəzaçəkmə Müəssisəsində avqustun 18-dən aclıq aksiyası keçirdiyi bildirilir.

Bu barədə E.Saqiyevin yaxınları məlumat verib.

E.Saqiyev 2017-ci ilin noyabrında həbs edilib. 2018-ci ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsi E.Saqiyevi böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 7 il azadlıqdan məhrum edib. Bəzi hüquq müdafiəçilərinin fikrincə, E.Saqiyev bacanağı, hazırda mühacirətdə olan Türkel Azərtürkün jurnalist fəaliyyəti ilə əlaqədar saxta ittihamla həbs edilib.

Ailə üzvlərin sözlərinə görə, E.Saqiyev aclıq aksiyasına ayın 18-də onun kassasiya şikayəti ilə bağlı keçirilmiş Ali Məhkəmənin iclasından sonra başlayıb: "Ali Məhkəmə Eminlə bağlı qərarı dəyişdirmədən qüvvədə saxlayıb. Buna etiraz olaraq o, aclıq aksiyasını başlayıb. Cəzaçəkmə müəssisəsinin rəhbərliyinə ərizəni də təqdim edib".

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Amma Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyir ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.