Belarus baş prokurorluğu müxalifətin koordinasiya şurasına qarşı hakimiyyəti ələ keçirmə maddəsi ilə cinayət işi açıb.
Bu barədə ölkənin baş prokuroru Alaksandar Kaniuk məlumat verib.
Bu ittihamda beş il həbs nəzərdə tutulur. Baş prokurorun dediyinə görə, "Koordinasiya Şurasının yaradılması və fəaliyyəti dövlət hakimiyyətini ələ keçirmək, eyni zamanda Belarus respublikasının milli təhlükəsizliyinə xələl gətirmək məqsədi daşıyır".
Hakimiyyətin ötürülməsi üzrə əlaqələndirici şura həftənin əvvəlində Minskdə yaradılıb. Rəyasət heyətinə ədəbiyyat üzrə Nobel mükafatı laureatı Svetlana Aleksievich, Belarusun keçmiş mədəniyyət naziri Pavel Latushko, prezidentliyə namizəd Viktor Babariko və Svetlana Tixanovskaya daxildir.
Mətbuat konfransında bəyan edilib ki, şura Belarus prezidenti Aleksandr Lukashenka ilə danışıqlar aparmağa ümid edir.
Lukashenko müxalif şuranın yaradılmasını "hakimiyyəti ələ keçirmək cəhdi" adlandırıb və sözü gedən şuraya "açıq şəkildə nasistlər"-in daxil olduğunu deyib. Təhlükəsizlik Şurasının iclasında isə o, ölkədə alternativ qurumların yaradılmasını qanunsuz hesab etdiyini bildirib.
Koordinasiya Şurası isə fəaliyyətinin ölkə qanunlarını pozmadığını bildirir.