Həbsdən çıxan müsavatçı ona 'stop' qoyulduğunu deyir

A.Həsənov

A.Həsənov

2018-ci ildə həbs olunan və 1 il sonra şərti olaraq azadlığa buraxılan Müsavat Partiyasının üzvü Azad Həsənovun ölkədən çıxışına qadağa qoyulduğu bildirilir.

Bu barədə AzadlıqRadiosuna A.Həsənovun özü məlumat verib.

Fəal bildirir ki, onun cəza və məhkəmə qərarı ilə təyin olunan sınaq müddəti bitsə də, ölkədən kənara buraxılmır: "Keçən ilin avqust ayında həbsdən azad olunmuşam, bu ilin əvvəlində məhkəmə tərəfindən təyin edilmiş sınaq müddəti bitib. Bununla bağlı Suraxanı Rayon İcra və Probasiya Şöbəsindən müvafiq sənədim də var. İyulun 24-də ölkəni tərk edib Litvaya, ailəmin yanına getmək istəyərkən hava limanında sərhəd xidmətinin əməkdaşları məni saxladı. Dedilər ki, Daxili İşlər Nazirliyi ölkədən çıxışıma qadağa qoyub".

A.Həsənov qeyd edib ki, iyulun axırında bununla bağlı Daxili İşlər Nazirliyinə (DİN) onlayn müraciət edib: "Lakin müraciətim qeydə alınsa da, mənə indiyə qədər məsələ ilə bağlı heç bir cavab verilməyib. Bundan əlavə, mən hər gün məlumat almaq üçün DİN-in "102" Xidmətinə zəng vurmuşdum. Hər dəfə məni bir istiqamətə yönləndirir, gah Bakı Şəhər Baş Polis İdarəsinə, gah Probasiya şöbəsinə göndərirlər. Suraxanı rayon İcra və Probasiya Şöbəsinin DİN-ə göndərdiyi məktubun bir nüsxəsini əldə etdikdən sonra "102" Xidmətinin tövsiyəsi ilə DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinə dəfələrlə müraciət etmişəm. Onlar isə hər dəfə "gözlə", "araşdırılır", "səbirli ol" deyirlər, amma konkret cavab vermirlər".

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və Suraxanı rayon İcra və Probasiya Şöbəsindən münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

Azad Həsənovun 2018-ci il oktyabrın 11-də xəstə atasına baş çəkmək üçün mühacirətdə olduğu Litvadan Azərbaycana gəldikdən bir neçə saat sonra saxlandığı bildirilir. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddə əldə etmə, daşıma və ya saxlama satış məqsədilə olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

2019-cu ilin avqustunda A.Həsənov məhkəmə zalından azadlığa buraxılıb. Hökmə əsasən, A.Həsənov 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həmçinin, Cinayət Məcəlləsinin 70-ci (şərti cəza) maddəsi tətbiq edilib və məhkəmə zalından azadlığa çıxıb.

A.Həsənov barəsində 6 aylıq sınaq müddəti seçilib.

Bəzi hüquq müdafiə təşkilatları A.Həsənovu siyasi məhbus sayıblar. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.