Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu məlumatı bu gün, avqustun 21-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər də vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 34921 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32682 nəfər müalicə olunaraq sağalıb, 512 nəfər vəfat edib, aktiv xəstə sayı 1727 nəfərdir".
Qərargahın açıqlamasına görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 5 min 986, ötən müddət ərzində isə ümumilikdə 861 min 788 test aparılıb.
Rəsmi qurumların bildirməsinə görə, bundan başqa, Azərbaycanda əlavə evdə müalicə alan koronavirus xəstələri də var.
Azərbaycanda koronavirusa ilk yoluxa halının bu il fevralın 28-də aşkarlandığı açıqlanıb. Son günlər ölkədə yoluxma sayında artım olduğu qeyd edilir.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 22 milyon 900 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 797 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.