Tikhanovskaya Vilnüsdə Pompeo-nun müavini ilə görüşəcək

Svetlana Tikhanouskaya, Minsk, 10 avqust 2020

Belarus müxalifətinin lideri Svetlana Tikhanovskaya avqust 24-də ABŞ dövlət katinini müavini Stephen Biegun-la görüşəcək.

Rəsmi şəkildə elan olunduğu kimi görüşdə Belarusdakı seçkidən sonrakı vəziyyət müzakirə mövzusu olacaq.

Tikhanovskayanın nümayəndələri şənbə günü verdiyi məlumata görə, ABŞ dövlət katibinin müavini ilə görüş Litvada olacaq. Tərəflər Belarusdakı vəziyyəti, ikitərəfli və müdafiə məsələlərini müzakirə edəcəklər. Litvadan sonra Stephen Biegun-nin Rusiyaya səfər edəcəyi bildirilir.

Stephen Biegun , arxiv foto

Avqustun 22-də Belarus prezidenti Aleksandr Lukashenka Müdafiə Nazirinə qərb istiqamətində sərhədi qorumaq üçün ən sərt tədbirlərin görülməsini əmr edib. O, "xaricdən" dəstəkləndiyi iddia edilən "rəngli inqilab"ın planlaşdırıldığını bildirir.

Belarusda vəziyyət 9 avqust prezident seçkilərindən sonra gərginləşib. Rəsmi olaraq seçkinin qalibi Lukashenka elan edilib. Müxalifət isə seçkidə kütləvi saxtakarlıqların olduğunu bildirir və nəticələri tanımaqdan imtina edir. Avropa İttifaqının liderləri də birgə bəyanat yayaraq Belarusda keçirilən son seçkilərin nəticələrini tanımadıqlarını açıqlayıblar. Belarusda baş verən etirazlarda yüzlərlə adam həbs olunub, bir nəfər həlak olub.