MN: 'Ermənistan silahlı qüvvələri diversiya-kəşfiyyat qrupunun komandiri əsir götürülüb'

Azərbaycan Müdafiə Nazirliyi, arxiv foto

Azərbaycan Müdafiə Nazirliyi (AMN) cəbhə xəttində vəziyyətin gərginləşməsinə dair məlumat yayıb. Məlumatda yazılıb ki, avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. AMN-nin açıqlamasına görə, cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələrinin gördüyü qəti tədbirlər nəticəsində qarşı tərəf itki verərək geri çəkilməyə məcbur edilib.

“Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan, əsir götürülüb. Bir daha bildiririk ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür ”, AMN-nin açıqlamasında yazılıb.

Qarşı tərəf isə zabitin azdığını bildirir

Shushan Stepanian, arxiv foto

Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Shushan Stepanian isə özünün facebook səhifəsində bildirir ki, zabit Gurgen Alaverdyan avqustun 22-də saat 19:30 radələrində döyüş mövqeyini yoxlamaq üçün posta gedərkən əlverişsiz hava şəraiti səbəbindən azıb və itib. Nazirlik sözçüsü zabitin diversiya qrupunun rəhbəri olması ilə bağlı məlumatı dezinformasiya adlandırır.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa qrupun həmsədrləridir. Bu münaqişə ilə bağlı hazırda Azərbaycan və Ermənistan silahlı qüvvələri üzbə-üz mövqeylər tutublar.