72 yaşlı Nobel mükafatı laureatı Svetlana Alexievich Belarusda müxalifətin Koordinasiya Şurasına üzv olub. Sağlıq problemləri olan Alexievich 9 avqust seçkisindən sonra deyirdi ki, “hakimiyyət öz xalqına müharibə elan edib”.
O, avqustun 26-da Belarus İstintaq Komitəsində şahid kimi ifadə verməyə çağrılıb. Komitə müxalifətin seçkidə namizədi olmuş Svyatlana Tsikhanouskaya-nın yeddi nəfərdən ibarət Koordinasiya Şurasına qarşı cinayət işi açıb.
Tsikhanouskaya-nın köməkçisi Viktar Babaryka AzadAvropa/AzadlıqRadiosu-na deyib ki,
Alexievich-in səhhəti onun şuranın işində iştirakını önləyib. Ancaq qrupla əlaqə saxlayıb.
Müdafiə Nazirliyi avqustun 24-dö bildirib ki, ordu hissələri yüksək hazırlıq vəziyyətinə gətirilib, ehtiyatda olanlar səfərbər edilir. Ordunun Litvayla sərhəd yaxınlığında Qrodno regionunda irimiqyaslı taktiki təlimlər keçirdiyi xəbər verilir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Beynəlxalq dəstək
Tsikhanouskaya avqustun 24-də Litvada ABŞ Dövlət katibinin köməkçisi Stephen Biegun ilə görüşüb.
“O, böyük təəssürat bağışlayır və onun ölkəsində niyə belə populyar olduğunu anlayıram”, – Biegun Vilnüsdə danışıqlardan sonra deyib.
Biegun əlavə edib ki, Birləşmiş Ştatlar “Belarusda hadisələrin kursunu müəyyənləşdirə bilməz”, bu, “Belarus xalqının haqqıdır”.
Birləşmiş Ştatlar və Avropa Birliyi Belarusdakı seçkini azad və ədalətli saymayıb, hakimiyyəti müxalifətlə dialoqa çağırıb.
Almaniyanın Xarici işlər naziri Heiko Maas deyib ki, Lukashenka “həftəsonu etirazlarından sonra ölkəsinin küçələrindəki reallığı, həmçinin xalqının beynində baş verən reallığı anlamalıdır”.
Çexiya hökuməti avqustun 24-də Belarusdakı demokratiya hərəkatına dəstək olaraq 400 min avroluq (470 min dollar) həmrəylik fondu təsis edib.
Xarici işlər naziri Tomas Petricek deyib ki, Çexiya xalqı praktik kömək göstərmək istəyir.
“Belaruslulara öz gələcəklərinə azad şəkildə qərar vermək hüququ verilməlidir”, – Petricek vurğulayıb.
Bu pulun zorakılıq və işgəncə qurbanlarına, etirazlarda iştirakdan sonra işini itirənlərə ayrılacağı gözlənir.
***
Belarusda müxalifətin koordinatorları saxlanıb
Belarus hakimiyyəti müxalifət lideri Svyatlana Tsikhanouskaya-nın Koordinasiya Şurasının iki üzvünü Minskdə traktor zavodu yaxınlığında saxlayıb.
BelSAT dövlət xəbər agentliyi şuranın daha bir üzvü, vəkil Liliya Vlasova-nın avqustun 24-də Belarus İstintaq Komitəsinin Minskdəki qərargahına dindirilməyə çağrıldığını xəbər verir.
Cərimələnə bilərlər
Koordinasiya Şurası bildirir ki, Tsikhanouskaya-nın əsas köməkçisi Bolha Kovalkova və tətil təşkilatçısı Syarhey Dyleuski avqustun 24-də səhər saxlanıblar, Minsk Traktor Zavodunda (MTZ) icazəsiz etiraz aksiyasının təşkilində ittiham olunublar.
Buna da bax: Tikhanovskaya Vilnüsdə Pompeo-nun müavini ilə görüşəcək
30 yaşlı Dyleuski zavodda fəhlə işləyir, Prezident Alyaksandr Lukashenka-nı açıq şəkildə tənqid etməsi beynəlxalq medianın diqqətini çəkib, eyni zamanda Belarus polisinin təzyiqinə məruz qalıb.
Kovalkova-nin həmkarı Dzyanis Sadouski AzadAvropa/AzadlıqRadiosu-na deyib ki, polis Koordinasiya Şurasına həmin iki şəxsin onlara qarşı “administrativ iş”lə əlaqədar saxlandığını bildirib, çox güman cərimələnəcəklərini deyib
Bir gün öncə – avqustun 23-də 100 mindən çox nümayişçi Belarus paytaxtının küçələrinə çıxıb. 9 avqust prezident seçkisində Lukashenka-nın 80 faizdən çox səs yığdığı açıqlanandan sonra ölkəni etirazlar bürüyüb.
Tsikhanouskaya-nın təzyiq altında ölkəni tərk edərək Litvaya getdiyi açıqlanıb.
Buna da bax: Minskdə çoxminli aksiya keçirilib-Lukashenka avtomatla görünüb-VİDEO
“Zavod işləmirsə...”
Dyleuski deyib ki, o, MTZ-nin sexlərini gəzərək fəhlələri tətilə çağırıb, polisdə saxlanarkən işgəncə gördüklərini deyən nümayişçilərin xəsarətlərinə şahid olandan sonra bu qərara gəlib. Yüzlərlə fəhlə Dyleuski-yə qoşularaq yeni seçki keçirilməsini, siyasi məhbusların buraxılmasını tələb ediblər. Beləliklə, Dyleuski tətil hərəkatının liderinə çevrilib. Tətillər Lukashenka hakimiyyətinə böyük təhlükə yaradıb.
Lukashenka-nın ordunu döyüş vəziyyətinə gətirməsi ölkədə görünməmiş etiraz dalğasının zorakılıqla yatırdılacağı sarıdan qorxuları artırıb. Prezident həftəsonu deyib ki, avqustun 24-dən fəhlələri etiraz edən, əvvəllər onun siyasi dəstək bazasını təşkil etmiş zavodları bağlamağa başlayacaq.
Buna da bax: Minskdə saxlanan AzadliqRadiosunun müxbirləri ölkədən çıxarılır“Zavod işləmirsə, gəlin bazar ertəsindən qapısını qıfıllayaq. Adamlar sakitləşəcək və biz işə kimi dəvət edəcəyimizə qərar verəcəyik”, – o, avqustun 22-də Rusiyanın RIA-Novosti xəbər agentliyinə deyib.
Lukashenka həmçinin ümidvar olduğunu bildirib ki, Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Belarusda etirazçıların təşkilatçıları ilə hər hansı qarşıdurmada onu dəstəkləyəcək.
Qonşu Litvada isə avqustun 24-də Tsikhanouskaya ABŞ Dövlət katibinin köməkçisi Stephen Biegun ilə mübahisəli prezident seçkisinin dinc həll yollarını müzakirə edəcək.