Trump respublikaçıların namizədi kimi təsdiqləndi

Donald Trump

ABŞ Prezidenti Donald Trump Respublikaçı Partiyasının 3 noyabr seçkisində rəsmi namizədi kimi təsdiqlənib. Partiyanın qurultayında Trump və digər natiqlər demokratları radikal solçular kimi təsvir edib, keçmiş vitse-prezident Joe Biden prezident seçilərsə, ölkəni iqtisadi və siyasi xaosa sürükləyəcəklərini deyiblər.

Dörd günlük virtual qurultay avqustun 24-də başlanıb. Trump ikinci müddətə prezident seçilmək istəyir. Bu arada koronavirus pandemiyası ilə mübarizəsi, zəifləyən iqtisadiyyat və irqi məsələlərlə bağlı iğtişaşlar ona ictimai dəstəyi azaltmaqdadır.

Trump noyabr seçkisinin bütövlüyünə dair şübhələr səsləndirib, poçtla səsverməyə toxunub. Pandemiyadan dolayı poçtla səsvermə məsələsi aktuallaşıb. Müstəqil seçki ekspertləri Birləşmiş Ştatlarda seçici saxtakarlığının nadir hadisə olduğunu deyirlər.

“Onlar seçkini bizdən yalnız saxtalaşdırma yoluyla ala bilərlər. Bu seçkini udacağıq”, – Trump vurğulayıb.

Demokratlar ötən həftə Joe Biden-i rəsmi namizəd kimi təsdiqləyiblər. Onlar respublikaçıların mesajlarına qarşı #Trumpchaos haştaqı ilə paylaşımlar edib, Trump administrasiyasının siyasətinin amerikalılara ziyan vurduğunu iddia ediblər.

ABŞ mediası və Demokratik Mili Komitə respublikaçıların bəyanatlarının faktlarla yoxlanmasını aparıblar.

Koronavirus pandemiyası Birləşmiş Ştatlara böyük zərbə vurub, 175 min nəfər vəfat edib, azı 5,7 milyon nəfər yoluxub.