Keçmiş səfirin cinayət işi ayrılıb

E.Həsənov

Bir müddət öncə Xarici İşlər Nazirliyinin əməkdaşları barəsində başlanmış və Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı gedən cinayət işindən keçmiş səfir Eldar Həsənovun işi ayrılaraq Baş Prokurorluğa göndərilib.

Bu barədə E.Həsənovun vəkili Adil İsmayılov məlumat verib.

A.İsmayılov bildirib ki, bununla bağlı vəsatəti müdafiə tərəfi vermişdi və vəsatəti istintaq orqanları təmin edib: "Obyektiv, ədalətli qərar qəbul etdikləri üçün Eldar Həsənovun adından DTX-nın və Baş Prokurorluğun rəhbərliyinə minnətdarlığımızı bildirirəm. Bir daha bildirmək istəyirəm ki, Eldar Həsənov həbsini anlaşılmazlıq hesab edir, məsələnin ölkə daxilində, hüquqi müstəvidə öz həllini tapacağına ümid edir və vəsatətin təmin edilməsi onun ümidini artırıb".

Buna da bax: Səfirin həbsinə iki fərqli yozum 

Baş Prokurorluqdan "Turan" agentliyinə vəkilin dediklərini təsdiqləyiblər.

"Hazırda Eldar Həsənov barəsində olan cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır", - qurumdan bildiriblər.

E.Həsənovun saxlanması haqqında məlumatı avqustun 13-də DTX yayıb. Məlumatda yazılıb ki, Xarici İşlər Nazirliyinin (XİN) bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə bəzi həbslər həyata keçirilib. DTX bildirirdi ki, davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı XİN-in fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə olunub, toplanılmış materiallar əsasında kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib: "...Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib...".

Buna da bax: Eldar Həsənovun tutulması ilə bağlı fərqli mülahizələr

Avqustun 14-də Səbail Rayon Məhkəməsi E.Həsənov barəsində noyabrın 3-nə qədər həbs-qətimkan tədbiri seçib.

E.Həsənov iyulun əvvəlində həbs olunan Xarici İşlər Nazirliyinin vəzifəli şəxsləri haqqındakı cinayət işi üzrə məsuliyyətə cəlb olunmuşdu. Ona 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1 (büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməmə) maddələri ilə ittiham verilib. Onun ittiham olunduğu maddələrdə 7 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Xatırlatma

E.Həsənov 2013-cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri təyin edilib. Bundan əvvəl isə 12 il Azərbaycanın Ruminiyada səfiri olub. Diplomatik fəaliyyətdən öncə isə Azərbaycanda Respublika Prokurorluğuna rəhbərlik edib. 1995-ci il martın 22-dən 2000-ci il aprelin 21-nə qədər baş prokuror vəzifəsində çalışıb. Həbsindən sonra prezidentin sərəncamı ilə o, səfir vəzifəsindən geri çağırılıb.