Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 133 yeni yoluxma faktı qeydə alınıb, 86 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu məlumatı bu gün, avqustun 25-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan bildirildiyinə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər də vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 35559 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33190 nəfər müalicə olunaraq sağalıb, 521 nəfər vəfat edib, aktiv xəstə sayı 1848 nəfərdir".
Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 6 min 612, ötən müddət ərzində isə ümumilikdə 885 min 279 test aparılıb.
Rəsmi qurumların bildirməsinə görə, bundan başqa, Azərbaycanda əlavə evdə müalicə alan koronavirus xəstələri də var. Azərbaycanda koronavirusa ilk yoluxa halının bu il fevralın 28-də aşkarlandığı açıqlanıb.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 23 milyon 838 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 817 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.