Avqustun 27-də bir qrup heyvansevərin Bakıda Daxili İşlər Nazirliyin Hospitalının yanında keçirdiyi etiraz aksiyası zamanı saxlananların hamısı sərbəst buraxılıb. Bu barədə Azadlıq Radiosuna onların özləri məlumat verib. Demələrinə görə, saxlananlardan cərimə edilən də olmayıb.
***
Bu gün, avqustun 27-də bir qrup heyvansevər şəxs Bakıda Daxili İşlər Nazirliyin Hospitalının yanında etiraz aksiyası keçirməyə cəhd ediblər. Onların sözlərinə görə, ərazidə itlərin güllələnməsinə etirazlarını bildirirlər. Etiraz edənlərin vurğulamasına görə, ərazidə iki it güllələnib. "Burada altı it var idi. Onları bir qız aparıb qısırlatmışdı ki, sonra "itlər quduzdur" deyib güllələməsinlər. İki dəfə "Toplan" (sahibsiz itlərə qayğı mərkəzi-red.) onları aparmağa cəhd edib, alınmamışdı, görünür ki, çıxış yolunu öldürməkdə tapıblar", - aksiya iştirakçılarından biri deyib.
"Biz öldürülmüşük”
Etiraz aksiyanın bir iştirakçısı ərazidə tikilən bir yarımçıq binanın üstünə qalxaraq "Biz öldürülmüşük" sözlər yazılmış banner asıb. Mülkigeyimli şəxslər binaya qalxaraq banneri çıxarıblar, etirazçını isə saxlayıblar. Etirazçı polis maşınına mindiriləndə ərazidə olan jurnalistlərə ona fiziki təzyiq göstərildiyini bildirib. Aksiyanın daha üç iştirakçısını da polis saxlayaraq naməlum istiqamətə aparıb.
Aksiyanı işıqlandıran jurnalistlərə də polisin maneələri olub. Bloqer Nurlan Qəhrəmanlının mobil telefonunun götürüldüyü bildirilir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən, hələlik, münasibət öyrənmək mümkün olmayıb.
Koronavirus pandemiyası ilə bağlı martın 24-dən Azərbaycanda karantin rejimdir. Ölkədə kütləvi tədbirlərə qadağa qoyulub.