Ukrayna sərhədlərini xaricilərin üzünə bağlayır

Arxiv fotosu

Ukrayna hökuməti karantin tədbirlərini sərtləşdirib, sərhədlərini əcnəbilərin üzünə bağlayıb. Məqsəd koronavirus pandemiyasının yayılmasını önləməkdir.

Sərhədin bağlanması avqustun 28-dən qüvvəyə minməliydi, amma parlamentin fövqəladə iclasında bir gün sonraya çəkilib. Mövcud karantin rejimi iki ay, oktyabrın 31-dək uzadılıb. Ölkənin risk səviyyəsinə görə zonalara bölünməsi də saxlanıb.

“Son həftələr yoluxma hallarının artması bizi daha qətiyyətlə hərəkət etməyə məcbur edib”, – Baş nazir Denys Shmygal avqustun 27-də deyib.

Ukraynada işləmək icazəsi olanlar və iki gündən az qalmaq şərtilə keçib gedən əcnəbilər ölkəyə buraxılacaq. Əcnəbi tələbələr və hərbi personalın, xarici nümayəndə heyətləri və beynəlxalq təşkilat işçilərinin girişinə icazə verilir.

Avqustun 28-dək Ukraynada 114 min 500-dək yoluxma, 2 min 450-dən çox ölüm halı qeydə alınıb.