Sağalanların sayı yoluxanların sayını yenidən üstələdi

COVID-19

Son gündə Azərbaycanda koronavirus infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınıb, 144 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bu gün, avqustun 3-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər də vəfat edib: "Azərbaycanda indiyədək ümumilikdə 36435 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 33847 nəfər müalicə olunaraq sağalıb, 534 nəfər vəfat edib, aktiv xəstə sayı 2054 nəfərdir".

Qərargahdan açıqlamaya görə, ölkədə son sutka ərzində bu virusun aşkarlanması ilə bağlı 5 min 42, hazırkı dövrədək isə ümumilikdə 922 min 69 test aparılıb.

Rəsmi açıqlamalara görə, bundan başqa, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri də var.

Son həftələr Azərbaycanda bu virusa yoluxanların sayı bu xəstəlikdən sağalanların sayını üstələyirdi. Lakin onlardan əvvəlki həftələrdə əks proses gedirdi.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 25 milyon 416 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 851 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.