Uralda buzlaq tamamilə əriyib

Arxiv fotosu

Rusiyanın Ural regionunda ən böyük buzlaqlardan biri tamamilə əriyib. Bunu ekspedisiya həyata keçirmiş tədqiqat qrupunun üzvləri deyirlər.

MGU adlı buzlağın uzunluğu 2,2 km-dir, 1953-cü ildə kəşf olunub. Arktik Tədqiqatlar Elmi Mərkəzinin tədqiqatçıları avqustun 31-də onun tamamilə yoxa çıxdığını bəyan ediblər.

Avqustun 19-dan 28-dək həyata keçirilən ekspedisiya zamanı tədqiqatçılar iki buzlaq ərazisinə baş çəkiblər.

MGU Ural qütb regionunda kütləsinə və uzunluğuna görə ikinci böyük buzlaq idi.

Alimlərdən biri Mixail İvanov deyib ki, onlar sonuncu dəfə MGU-ya 2010-cu ildə baş çəkiblər, onda “böyük ölçüdə” buz olubmuş.

Son illər turistlərin çəkdiyi fotolarda aysberqin bəzi hissələri görünür.

“Bu ilsə onun tamamilə yoxa çıxdığı bəlli olub”, – İvanov vurğulayıb.

Son illər Rusiyanın Ural və Sibir regionlarında qeyri-adi yüksək temperatur qeydə alınıb və bu, qlobal istiləşmə ilə izah olunub.