143 yeni yoluxma aşkarlanıb, 2 ölüm

COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 143 yeni yoluxma faktı qeydə alınıb, 130 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bu gün, sentyabrın 1-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər də vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 36578 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33977 nəfər müalicə olunaraq sağalıb, 536 nəfər vəfat edib, aktiv xəstə sayı 2065 nəfərdir".

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 6 min 597, ötən müddət ərzində isə ümumilikdə 928 min 666 test aparılıb.

Rəsmi açıqlamalara görə, bundan başqa, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 25 milyon 664 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 855 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.