“Amnesty International” insan haqları təşkilatı İranı 2019-cu ilin noyabrında isteblişmentə qarşı etirazlara görə saxlananlara qarşı “şokedici insan haqları pozuntuları kataloqu” törətməkdə ittiham edib. Saxlananlar içində 10 yaşlı uşaqlar da olub.
Zorakı nümayişlər benzinin qəfil bahalanmasından sonra başlamış, 100-dək şəhəri əhatələmişdi.
Hakimiyyət etirazçılara qarşı gücə əl atıb, “Amnesty International” azı 304 etirazçının öldürüldüyünü bildirir. Bir neçə min nəfər saxlanıb, internet günlərlə kəsilib, azad informasiya axını pozulub.
Buna da bax: İranda 18 türk fəalın saxlandığı deyilir“... dünyanı sarsıdıb”
Sentyabrın 2-də açıqlanmış hesabatda Londonda mənzillənən insan haqları təşkilatı bildirir ki, İran polisi, kəşfiyyat və təhlükəsizlik qüvvələri, həbsxana rəsmiləri hakim və prokurorlarla əlbir olaraq qanunsuz həbslərə, məcburi yoxaçıxmalara, işgəncə və etirazçılara, yoldan keçənlərə və başqalarına qarşı digər pis rəftara əl atıblar.
Hesabat dövlətin təzyiqilə üzləşmiş 60 nəfər, yaxud onların qohumları, yaxın tanışları, hazırda gizlənən iki etirazçı və 14 məlumatlı şəxslə müsahibələr əsasında hazırlanıb. Təşkilat bildirir ki, ölkə daxilində yüzlərlə başqa şəxslərdən də informasiya alıb, videoları, məhkəmə sənədlərini analiz edib.
“Kütləvi etirazlardan sonrakı günlərdə İran təhlükəsizlik qüvvələrinin silahsız etirazçıları və yoldan keçənləri bilərəkdən öldürməsi və yaralaması dünyanı sarsıdıb”, – Amnesty International-ın Yaxın Şərq və Şimali Afrika üzrə regional direktorunun müavini Diana Eltahavi (Diana Eltahawy) deyib.
Qurum 500-dən artıq və digərlərinin adlarını sənədləşdirdiyini bildirir. Onların içində jurnalistlər və insan haqları müdafiəçiləri də olub, etirazlarla bağlı “ədalətsiz kriminal prosedura” məruz qalıblar.
İnsan haqları qrupu saxlananların qarışıq ittihamlarla bir aydan 10 ilədək həbs olunduğunu bildirir. Onlar “dövlət təhlükəsizliyinə qarşı toplaşmaq və cinayət törətmək cəhdində”, “sistemə qarşı propaqanda yaymaqda” və Ali dini lider Ayətulla Əli Xameneini “təhqir etməkdə” təqsirli biliniblər.
İşgəncə növləri
Üç etirazçı ölümə məhkum edilib. İctimai reaksiyadan sonra həmin işlərin nəzərdən keçirildiyi bildirilir
“Amnesty International” saxlananların çoxunun işgəncə və pis rəftarla üzləşdiyini vurğulayır.
Hesabatda deyilir ki, qurbanlar yumruqlanıb, təpiklənib, şallaqlanıb, uzun müddət stressli vəziyyətlər saxlanıb, uzun müddət cərimə kamerasına salınıb, etirazlarda aldıqları yaralar müalicə olunmayıb.
Bir qurban su ilə işgəncə gördüyünü təsvir edib.
“Müstəntiqlər dəsmalı suda isladır, üzümü örtürdülər. Onlar suyu yavaş-yavaş dəsmalın üstünə tökürdülər, özümü boğulan kimi hiss edirdim”, – Xorasan Razavi vilayətindən olan həmin şəxs deyib.
Tehrandan olan bir nəfərsə dirəkdən əlləri və ayaqlarından asıldığını söyləyib.
“Çox əzablı idi. Bədənimdə o qədər ağrı vardı ki, öz üstümə sidik ifraz edirdim”, – həmin şəxs “Amnesty International”ə danışıb.