Tramp İranı güləşçini edam etməməyə çağırır

Arxiv fotosu

ABŞ Prezidenti Donald Tramp 2018-ci ilin antihökumət etirazları zamanı qətl törətməkdə təqsirli bilinmiş güləşçini edam etməməyə çağırır.

“İranın böyük və populyar güləş ulduzu, 27 yaşlı Navid Afkarayı edam edəcəyini eşitdim. Onun elədiyi yeganə hərəkət küçəyə hökumətə qarşı nümayişə çıxmaq olub. Onlar ölkədə pisləşən iqtisadi vəziyyətə və inflyasiyaya etiraz edirdilər”, – Tramp sentyabrın 3-də Twitter-də yazıb.

“İran liderləri, bu gəncin həyatına qıymasanız, onu edam etməsəniz, buna böyük dəyər verərəm. Təşəkkür edirəm!” – prezident yazıb.

Peşəkar güləşlə əlaqələri olan Tramp Afkarayı edam etməməyə çağıran ən yüksək vəzifəli şəxsdir. İndiyədək onlarla iranlı atlet, beynəlxalq güləşçi bu ölüm hökmünə qarşı kampaniyaya qoşulublar.

Afkarayın 2018-ci ildə Şirazda etirazlar zamanı təhlükəsizlik agentini öldürdüyü iddia olunur, ona iki ölüm cəzası kəsilib.

İranın dövlətə bağlı “Mizan Online” xəbər agentliyi avqustun 31-də yazıb ki, İran Ali Məhkəməsi avqustun 15-də ölüm hökmünü qüvvədə saxlayıb.

Ölkə daxilində və xaricdəki insan haqları fəalları onun cinayət törətmədiyini, bu etirafın işgəncəylə boynuna qoyulduğunu bildirir. Onun iki qardaşına 54 və 27 illik həbs və hərəsinə 74 şallaq cəzası verilib.

2018-ci ildə Tramp İranla nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edib. Bundan sonra iki ölkənin münasibətləri xeyli pisləşib.