Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 161 yeni yoluxma faktı qeydə alınıb, 146 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu məlumatı bu gün, sentyabrın 5-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qərargahdan açıqlamaya görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər də vəfat edib:
“İndiyədək ölkədə ümumilikdə 37192 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34565 nəfər müalicə olunaraq sağalıb, 545 nəfər vəfat edib, aktiv xəstə sayı 2082 nəfərdir”.
Qurum bildirir ki, son sutka ərzində Azərbaycanda yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7179, ötən müddət ərzində isə ümumilikdə 956 492 test aparılıb.
Rəsmi açıqlamalara görə, bundan başqa, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 26 milyon 800 minə yaxın şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 879 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.