Təhsil üçün İrandan Bakıya gələn azərbaycanlılara güzəşt istənilir

İranda tələbələr, arxiv foto

Təhsil üçün İrandan Azərbaycan Respublikasına gələn azərbaycanlı tələbələrə Bakı güzəşt etsin.

Azərbaycan Respublikasına ünvanlanan belə bir müraciəti dünyanın müxtəlif yerlərində faəliyyət göstərən 40-dan çox Azərbaycan dərnəyi imzalayıb.

Sentyabrın 5-də yayılan müraciətdə qeyd olunur ki, İrandakı iqtisadi durumun pisləşməsi və ölkə valyutasının dəyərdən düşməsi səbəbindən Azərbaycan Respublikasında təhsil alan bir çox azərbaycanlı tələbə təhsilini yarımçıq qoyaraq İrana dönməyə məcbur olub.

Həmin tələbələrin Azərbaycan universitetlərinin mədəniyyət bölmələrində təhsil almalarının həyati əhəmiyyət kəsb etdiyini yazan müraciət müallifləri hesab edirlər bu ancaq Azərbaycanda mümkündür.

Müraciətdə bu problemin həmrəylik ruhuna uyğun həllinin dünya azərbaycanlılarının diaspora fəaliyyətinə də müsbət təsir göstərəcəyi vurğulanır:

"… Azərbaycan dövlətinə təklif edirik ki, Azərbaycan mədəniyyəti, dil və ədəbiyyat sahələrində təhsili başqa sahələrdə olan təhsildən fərqləndirsin. Bu sahələrdə təhsili mədəniyyətimizin təbliğatı və qorunması çərçivəsində dəyərləndirərək xaricdən Azərbaycan Respublikasına üz tutan azərbaycanlı tələbələri təhsil haqqından azad etsin. Bir çox ölkədə xaricdəki həmvətənlər üçün bənzər təhsil proqramları mövcuddur…”

Müraciət müəlliflər hesab edirlər ki, bununla da Azərbaycan mədəniyyətini keyfiyyətli şəkildə təmsil edən insanların sayının artmasına və diasporada həmrəylik ruhunun daha da möhkəmlənməsinə nail olmaq mümkündür.