Türkmənistanın avtoritar lideri Qurbanqulu Berdimuxamedov (Gurbanguly Berdymukhammedov) hökumətdə dəyişiklik oluna biləcəyini deyib. O, bundan öncə hökuməti dövlətin nəzarətində olan medianın “ölkənin uğurlarını” və “iqtisadi problemlərin həllindəki qüsurları” işıqlandırmasına nail ola bilmədiyinə görə tənqid edib.
Berdimuxamedov xəbərdarlıqdan qabaq Baş nazir müavini Mehricamal Məmmədovanın (Mahrijemal Mammedova) hesabatını dinləyib. O, media və mədəniyyət məsələlərinə cavabdehdir. Hökumətin iclası sentyabrın 4-də dövlət televiziyası ilə yayınlanıb.
Məmmədova vəzifəyə iyulun əvvəlində təyin olunub.
Berdimuxamedov oxşar bəyanatlarından sonra bir sıra nazirləri və onların müavinlərini işdən çıxarıb və onların taleyi indiyədək bəlli deyil.
Türkmənistanda media müstəqil deyil. Ölkə iqtisadiyyatı isə aylardır çətinliklər içindədir, enerji sazişləri uğursuz olub, əsas gəlir mənbəyi olan təbii qazın qiyməti düşür.
Tənqidçilər və insan haqları qrupları Berdimuxamedovun narazıları susdurduğunu deyir.