Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 89 yeni yoluxma faktı qeydə alınıb, 132 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu məlumatı bu gün, sentyabrın 7-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan üç nəfər də vəfat edib: "Azərbaycanda indiyədək ümumilikdə 37418 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 34837 nəfər müalicə olunaraq sağalıb, 551 nəfər vəfat edib, aktiv xəstə sayı 2030 nəfərdir".
Operativ Qərargahdan yayılan məlumata görə, ölkədə son sutka ərzində 3 min 936, hazırkı dövrədək isə 967 min 40 test aparılıb.
Rəsmi açıqlamalara görə, bundan başqa, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.
Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 27 milyon 316 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 893 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.