Azərbaycan Orduxan Bəbirov, Qurban Məmmədov, Tural Sadıqlı və digərlərini İnterpol xətti ilə axtarışa verib.
Bu barədə bu gün, sentyabrın 8-də Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Məlumatda yazılıb ki, Azərbaycan vətəndaşı Elvin İsayev Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə 2019-cu il dekabrın 12-də Azərbaycana deportasiya olunub: "...Barəsində Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs-qətimkan tədbirinin icrası ilə əlaqədar 2019-cu il dekabrın 14-də Penitensiar Xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib".
Buna da bax: Elvin İsayev Azərbaycana necə deportasiya olunub
Onun Azərbaycan ərazisində kütləvi iğtişaşlara və dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə günahlandırıldığı bildirilir. Hazırda Avropanın müxtəlif ölkələrində müvəqqəti məskunlaşan Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı, Süleyman Süleymanlı və başqa şəxslər də onunla əlaqələndirilir.
Açıqlamaya görə, E.İsayev Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara,... çağırışlar etmə) və 12.1, 34.2, 281.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar dövlət əleyhinə yönələn açıq çağırışlar etmə) maddələri ilə təqsirləndirilir. Onunla bağlı işin baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildiyi bildirilir.
Buna da bax: 'Atam AXCP üzvüdür, döyüşçüdür... artıq o da çəkinir'
Barələrində qiyabi həbs-qətimkan tədbiri seçilib
Eyni zamanda, O.Bəbirov, Q.Məmmədov, O.Ağayev, R.Piriyev, Ə.Həsənəliyev, T.Sadıqlı və S.Süleymanlı barəsində də Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə ayrıca ittiham verildiyi bildirilir: "Baş Prokurorluğun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarları ilə barələrində həbs-qətimkan tədbiri seçilib".
Adları çəkilən şəxslər barəsində beynəlxalq axtarışın elan edildiyi və bunun icra üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və İnterpolun Milli Mərkəzi Bürosuna göndərildiyi bildirilir.
İttihamlara, hələlik, E.İsayev və sözügedən mühacirlərdən münasibət almaq mümkün olmayıb.
Buna da bax: Siyasi mühacir: 'Mənə dedilər ki, prezidenti təhqir edirsən...'
Xatırlatma
E.İsayev 1998-ci ildən Rusiyada yaşayıb, 2001-ci ildə həmin ölkədə vətəndaşlıq alıb. Atası da həmin vaxt Rusiya vətəndaşı olub. O zaman E.İsayevin Azərbaycan vətəndaşlığından imtina etməyə çalışdığı, ancaq buna nail olmadığı vurğulanır.
E.İsayev 2019-cu ilin avqustunda saxlanıb, Sankt-Peterburq məhkəməsi onun Rusiyadan çıxarılmasına qərar verib, vətəndaşlığını ləğv edib, pasportunu etibarsız sayıb.
E.İsayevin ailəsi onun Rusiyada saxlanmasını və məhkəmənin qərarını bloq yazıları ilə əlaqələndirib. Bloqer Azərbaycan hakimiyyətini tənqid edib, prezident İlham Əliyevi "diktator" adlandırıb, Azərbaycanda korrupsiya əməllərinin mövcud olduğunu söyləyib.
Həyat yoldaşı Svetlana İsayeva Rusiya hakimiyyətinə videomüraciətində deyib: "E.İsayev hədələnib, ona problemlər və qətl vəd ediblər, onun Azərbaycana deportasiyası siyasi haqq-hesabdır".
Rusiya pasportundan məhrum edilən İsayev sentyabrın sonunda Ukraynaya gedib. Ukrayna mediasının yazdığına görə, o, dekabrın 12-də Kiyevdə yoxa çıxıb…