Rusiyalı aktyor, Kremlin sərt tənqidçisi Mixail Yefremov alkoqolun təsiri altında maşın sürərkən bir nəfərin ölümünə səbəb olduğuna görə 8 il həbsə məhkum edilib.
Hakim Yelena Abramova Yefremovun iş üzrə təqsirli bilindiyini elan edərək ona hökm oxuyub.
Avqustun 5-də məhkəmə başlayanda Yefremov özünü təqsirli bilmədiyini, iyunun 8-də axşam hadisə baş verərkən heç nəyi xatırlamadığını deyirdi. Amma sentyabrın 3-də o, məhkəmədə təqsirli olduğunu bəyan edib.
Dövlət ittihamçısı aktyora 11 il həbs istəmişdi.
Hakim hökmü elan edərkən deyib ki, üç şahidin dedikləri qəbul olunmayıb. Şahidlərin sözlərinə görə, hadisə baş verəndə Yefremov avtomobildə tək olmayıb.
Polis Yefremovun sərxoş vəziyyətdə avtomobili yüksək sürətlə idarə etdiyini, başqa bir maşını vurduğunu bildirib. Aktyor qəzada xəsarət almayıb, ancaq vurulan avtomobilin sürücüsü sonradan xəstəxanada keçinib.
56 yaşlı Yefremovun Prezident Vladimir Putin və siyasətini tənqid edən perfomansları son illər xeyli populyarlaşmışdı.