ABŞ Sintzyandan pambıq, pomidor idxalını dayandıra bilər

Sintzyandakı düşərgələrdən biri

Birləşmiş Ştatlar Çinin Sintzyan regionunda məcburi əmək iddialarına görə pambıq və pomidor məhsullarının idxalını dayandırmağa hazırlaşır. Bunu ABŞ Gömrük və Sərhəd Mühafizəsinin (CBP) rəsmisi deyir.

CBP-nin icraçı komissarı Brenda Smit “Reuters”ə deyib ki, idxal qadağası bütünlükdə pambıq və pomidor məhsullarının təchizat şəbəkəsinə aid ediləcək.

Qadağanın rəsmən sentyabrın 8-də açıqlanacağı gözlənirdi, amma həftəsonunadək təxirə salınıb. Bundan başqa daha beş idxal qadağası Ağ evdə elan olunmalıdır.

Bu addımın Birləşmiş Ştatlarla Çin arasında gərginliyi daha da qızışdıracağı gözlənir.

Bu sərəncamlar CBP-yə imkan verəcək ki, məcburi əmək şübhələri varsa, yükləri saxlasın.

Çinin uyğur müsəlmanları ilə rəftarı Vaşinqtonu bu ölkəyə təzyiqi artırmağa sövq edib. ABŞ Dövlət katibi Mike Pompeo ötən həftə deyirdi ki, Amerika şirkətləri getdikcə Çinin bu regionundan insan haqları pozuntularından “agah olurlar” və onları orada biznes fəaliyyətinə yenidən baxmağa çağırıb.

Çin 2017-ci ildən Sintzyanda 1 milyondan çox uyğuru və əsasən müsəlman digər etnik qrupları islah-əmək düşərgələrində saxladığına görə beynəlxalq tənqidlə üzləşir.

Pekin bu düşərgələrin yenidən təhsil və təlim mərkəzləri olduğunu, məqsədin terrorçuluq və ekstremizmlə mübarizə aparmaq olduğunu vurğulayır.

Uyğurlar Sintzyanda ən böyük türkdilli icmadır, onlardan sonra qazaxlar gəlir.