Dövlət Bayrağı Meydanında təmir işləri gedir .
Bunu Bakı Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı bildirib. Onun xatırlatmasına görə, bu meydanda tikinti-bərpa işləri 2017-ci ildən başlayıb. "Həmin təmir-bərpa işləri hazırda davam etdirilir", - o, "Turan" agentliyinə bildirib.
G.Yelmarqızının sözlərinə görə, bu, yeni məsələ deyil, əsaslı təmir, meydanda bərkitmə işləri gedir: "Əlbəttə, təmir-bərpa işləri başa çatdıqdan sonra dövlət bayrağı da yerində olacaq".
Amma mətbuat xidmətinin rəhbəri təmir-tikinti və bərpa işlərinin nə zaman sona yetəcəyini bilmədiyini söyləyib.
Xatırlatma
Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam 2007-ci il noyabrın 17-də imzalanıb. Eyni zamanda, Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalanıb. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da qoyulub. 2010-cu ildə isə onun açılışı olub.
2016-cı il yanvarın 15-də də Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Dənizkənarı Bulvar İdarəsi birləşdirilib. Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılıb.
2017-ci ildə meydandakı bayraq çıxarılıb, 2018-ci ilin iyun ayında isə meydanın ümumən sökülməsi prosesi başlanmışdı.