Kalesnikavanın başına torba keçiriblər

Mariya Kalesnikava

Mariya Kalesnikava

Belarus müxalifətinin lideri Mariya Kalesnikava deyir ki, hakim orqanlar onu məcburən deportasiya etməyə çalışanda başına torba keçiriblər və ölümlə hədələyiblər. İnformasiyanı müxalifətçinin vəkili yayıb.

Vəkil Lyudmila Kazakın sözlərinə görə, Kalesnikava insidentlə bağlı şikayət verib və hakim orqanlara, həmçinin Belarus KQB-sinə qarşı hüquqi addım atılmasını istəyir. Bu haqda Belarusun müstəqil Tut.by vebsaytı yazır.

Buna da bax: Kalesnikava dövlət çevrilişinə çağırışda şübhəli bilinir

Paspotunu tikə-tikə edib

Kalesnikava iki əməkdaşı ilə birlikdə sentyabrın 7-də Minskdə küçədən maskalı şəxslər tərəfindən aparılıb. Onları sentyabrın 8-də səhər sərhədə aparıb deyiblər ki, Ukraynaya keçsinlər.

Onlar iki ölkə arasındakı neytral zonaya keçəndə Kalesnikava pasportunu tikə-tikə edib və hakim orqanlar onu deportasiya edə bilməyiblər. O, sərhədin Belarus tərəfində saxlanıb. Digər iki nəfər isə Ukraynaya keçib.

Kalesnikava Belarusda 9 avqust prezident seçkisindən sonra Alyaksandr Lukaşenkanın istefası tələb olunan etirazların önündə gedir. Müxalifət seçkinin saxtalaşdırıldığını deyir, Lukaşenka bunu rədd edir.

Buna da bax: Belarusla bağlı Rusiyanın ağlından nə keçir – Qərb mediası

Kazak sentyabrın 9-da deyib ki, Kalesnikava Minskdə saxlanır, dövlət çevrilişinə cəhddə ittiham olunur. Vəkili müxalifətçi ilə sentyabrın 9-da görüşüb, onun altı nəfərlə bir kamerada saxlandığını deyir.

Kazak Kalesnikavanın bədənindəki qançırların tibbi ekspertizasını tələb edəcək, müxalifətçinin komandası belə bir bəyanat yayıb.