'Aclıq davam edir, yenidən təcili yardım çağırmalı olduq'

Müsavatın qərargahında aclıq aksiyası

Həbsdə olan müxalifətçi Tofiq Yaqubluya dəstək məqsədilə başlandığı açıqlanan aclıq aksiyasının Müsavat Partiyasının qərargahında davam etdiyi deyilir.

Bu barədə AzadlıqRadiosuna sentyabrın 11-da aksiya iştirakçılarından biri olduğunu bildirən Müsavat Partiyasının üzvü Elman Quliyev danışıb: "Hamımızın səhhətində problemlər yaranıb. Təzyiq aşağı düşüb, baş ağrıları, baş gicəllənmələri var, Dünən, sentyabrın 10-da yenidən təcili yardım çağırmalı olduq (sentyabrın 9-da da təcili yardım çağırıldığı açıqlanmışdı-red.), həkimlər aclığı dayandırmağımızı istədilər. Təbii ki, buna razı olmadıq. İynə vurmaq istədilər, onu da qəbul etmədik".

E.Quliyevin bildirməsinə görə, aclıq aksiyasına sentyabrın 3-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri Ayət İsmayıl, Tofiq Məmmədov və Elşən Həsənov ev şəraitində başlayıblar. Onun əlavə etməsinə görə, aksiya sentyabrın 7-dən Müsavat Partiyasının qərargahında davam edir və o da həmin gündən aclığa qoşulub.

Sizin brauzer HTML5-i dəstəkləmir

Tofiq Yaqublunun azadlığı üçün hökümətlə danışıqlar gedir

Bu deyilənlərə, hələlik, Səhiyyə Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

T.Yaqublunun özünün də sentyabrın 3-dən həbsxanada həbsinə etiraz olaraq aclıq aksiyasına başladığı bildirilir.

Xatırlatma

Tofiq Yaqublu bu il martın 22-də tutulub. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunurdu ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil E.Cəbrayılovun (zərərçəkən kimi tanınıb) idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

T.Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunub. Amma siyasətçi özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir. Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə T.Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edilib.