Əfqan sülh danışıqları ‘gərgin’ keçəcək

Əfqanıstanın nümayəndə heyəti Dohaya yola düşür

ABŞ Dövlət katibi Mayk Pompeo əfqan sülh danışıqlarının “gərgin” keçəcəyini deyir, amma onu da qeyd edir ki, bu, əfqanların onillərlə davam etmiş münaqişədən sonra sülhü tapmasının yeganə yoludur.

Pompeo bunları sentyabrın 11-də Qətərə gedərkən deyib. Sabah bu ölkədə Taliban silahlı qruplaşması ilə Əfqanıstan hökuməti arasında danışıqlar başlamalıdır.

Talibanla Vaşinqtonun fevralın 29-da Dohada əldə etdiyi sazişdə müharibənin başa çatdırılması və ABŞ əsgərlərinin evlərinə qayıtması üçün danışıqların keçirilməsi nəzərdə tutulub.

“Bu onların ölkəsidir, necə irəli getmək və əfqanların hamısı üçün daha yaxşı həyatı necə təmin etməyi müəyyənləşdirmək onların işidir”, – Pompeo təyyarədə deyib.

Prezident Donald Tramp 2016-cı ildə prezident seçkisi kampaniyası zamanı ABŞ əsgərlərini Əfqanıstandan çıxarmağı vəd edib. Noyabr prezident seçkisi öncəsi Vaşinqton əfqandaxili danışıqların başlanması üçün təzyiqi artırıb.