76 yeni yoluxma, 2 ölüm

COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 76 yeni yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bu gün, sentyabrın 14-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan iki nəfər də vəfat edib: "Azərbaycanda indiyədək ümumilikdə 38403 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 35860 nəfər müalicə olunaraq sağalıb, 564 nəfər vəfat edib, aktiv xəstə sayı 1979 nəfərdir".

Qərargahdan açıqlamaya görə, ölkədə son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 630, hazırkı dövrədək isə 1 milyon 13 min 108 test aparılıb.

Rəsmi açıqlamalara görə, bundan başqa, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 29 milyon 220 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 929 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.