Şəhidlər Xiyabanında müxalifətlə gərginlik yaşanıb

Polis

Bu gün, sentyabrın 15-də Bakıda Şəhidlər Xiyabanında "Türk Şəhidliyi" abidəsini ziyarət edən Milli Şura və Müsavat Partiyasının fəalları ilə polis arasında gərginlik yaşanıb.

Milli Şura və Müsavat Partiyası rəhbərliyinə karantin rejimi səbəb göstərilərək 10 nəfər şəxsdən artıq qrup şəkilində abidənin önünə getməyə imkan verilməyib. Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli abidənin önündə Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 102-ci illiyi ilə bağlı qısa nitq söyləyib. Polis buna imkan verməyib. Ə.Kərimli deyib ki, koronavirusdan bu şəkildə sui-istifadə düzgün deyil, onlar sosial məsafəni qoruyurlar.

"Ziyarətimizə imkan verilməyib"

"Ora 10 nəfərlik qruplarla buraxıldıq, abidənin önünə gül qoyduq. Lakin Əli Kərimli danışmağa başlayan kimi polis əməkdaşları bizi ərazidən uzaqlaşdırmağa başladı. Faktiki olaraq ziyarətimizə imkan verilməyib", - deyə AXCP-dən qeyd ediblər.

Oxşar insident Müsavat Partiyası rəhbərliyi və fəalları ilə də bağlı baş verib.

Üstəlik, çıxış edərkən Müsavat Partiyası başqanı Arif Hacılı ilə polis arasında da gərginlik yaşanıb. "Bütün bu hərəkətlərinizə görə cavab verəcəyiniz gün uzaqda deyil", -deyə Arif Hacili vurğulayıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Amma Azərbaycanda koronavirus pandemiyası ilə bağlı martin 24-dən karantin rejimidir.

Xatırlatma

Bu gün, sentyabrın 15-də Bakının işğaldan azad olunmasından 102 il ötür.

1918-ci il sentyabrın 15-də Nuru Paşanın komandanı olduğu Qafqaz İslam Ordusu və Azərbaycan Cümhuriyyətinin korpusu Bakını işğaldan azad edib. Həmin vaxt Bakıda Sentrokaspi Diktaturası mövcud olub. Cəmi 45 gün sürən bu hakimiyyətin, əsasən, daşnak və menşeviklərdən ibarət olduğu bildirilir. Sentyabrın 15-də azad olmaqla Bakı Azərbaycan Cümhuriyyətinin paytaxtına dönüb.

Buna qədər 1918-ci il mayın 28-də elan edilən Xalq Cümhuriyyətinin paytaxtı Gəncə idi.

Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də qurulub. 1920-ci ildə Rusiyanın silahlı müdaxiləsi ilə süqut edib. Azərbaycan müstəqilliyinə bir də 1991-ci il oktyabrın 18-də qovuşub.