Almaniya yunan adalarından 1500-dən çox miqrantı qəbul edəcək

Moria yanandan sonra miqrantlar

Almaniya Yunanıstanın beş adasından əlavə olaraq 1553 miqrantı qəbul etməyə razılaşıb. Səbəb yanğın nəticəsində həddən artıq sıxlıq olan düşərgənin dağılmasıdır.

Almaniya kansleri Angela Merkelin Xristian Demokratik Birliyi və onun koalisiya tərəfdarı olan Sosial Demokratlar (SPD) sentyabrın 15-də razılaşma əldə ediblər. AB üzvü Yunanıstanla həmrəylik əlaməti olaraq 408 ailəni qəbul edəcəklər.

Bundan öncə Almaniya həmin düşərgələrdən 150 ailəsiz miqrant uşağı qəbul etməyə razılaşıb.

Vitse-kansler Olaf Şolz deyib ki, sığınacaq müraciətləri artıq təsdiqlənmiş və uşaqlı ailələri qəbul edəcəklər.

Ötən həftə Lesbos adasındakı Moria miqrant düşərgəsi yanğın nəticəsində dağılıb, əsasən Əfqanıstan, Afrika və Suriyadan olan miqrantlar sığınacaqsız qalıb.

Yunanıstan polisinin sentyabrın 15-də bildirməsinə görə, düşərgəni yandırmaqda şübhəli bilinən beş nəfər saxlanıb. Polis onların sığınacaq üçün müraciətləri rədd edilmiş beş gənc əfqan olduğunu bildirir.