Qəzzədə gərginlik artır

Qəzzə, 16 sentyabr, 2020-ci il

İsrail ordusu sentyabrın 16-da səhər Qəzzəyə 10 raket zərbəsi endirdiyini, həmin ərazidən isə 15 raket buraxıldığını bildirib

Qəzzə zolağında silahlılar İsrail tərəfə raket atıblar, İsrail təyyarəsi isə Fələstin ərazisində hədəfləri vurub. Bu, İsrailin iki ərəb ölkəsi ilə münasibətləri normallaşdırmaq barədə tarixi razılaşmalar imzaladığı vaxtda baş verir.

İsrail ordusu sentyabrın 16-da səhər Qəzzəyə 10 raket zərbəsi endirdiyini, həmin ərazidən isə 15 raket buraxıldığını bildirib. Qəzzə Hamas silahlı qruplaşmasının nəzarəti altındadır.

“Fələstin terrorçularının İsraili bu tarixi mərasim zamanı atəşə tutması məni təəccübləndirmir”, – İsrailin Baş naziri Bencamin Netanyahu Vaşinqtondan çıxarkən deyib.

“Onlar sülhə arxa çevirmək istəyirlər. Buna nail olmayacaqlar. Bizə əl qaldıranları vuracaq, bizə sülh əli uzadanlara əl uzadacağıq”, – Netanyahu jurnalistlərə söyləyib.

Hamas sentyabrın 16-da İsrailə xəbərdarlıq edib ki, “bizim adamlara və müqavimət məkanlarımıza istənilən hücumun bədəlini ödəyəcəklər və reaksiya birbaşa olacaq”.

Qərb sahildə və Qəzzədə müstəqil dövlət qurmaq istəyən fələstinlilər Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə imzalanan sənədləri özlərinə xəyanət hesab edirlər.

İsrail sentyabrın 15-də Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri ilə ikitərəfli münasibətlər barədə sazişlər imzalayıb.